Ana Dili
Dil açanda ilk dəfə , " ANA " söyləyirik biz ,
" Ana dili " adlanır bizim ilk dərsliyimiz .
İlk mahnımız laylanı anamız öz südüylə
İçirir ruhumuza bu dildə gilə - gilə .
Bu dil - bizim ruhumuz , eşqimiz , canımızdır ,
Bu dil - bir - birimizlə əhdi peymanımızdır .
Bu dil - tanıtmış bizə bu dünyada hər şeyi ,
Bu dil - əcdadımızın bizə miras verdiyi
Qiymətli xəzinədir ... onu gözlərimiz tək
Qoruyub , nəsillərə biz də hədiyyə verək .
Bizim uca dağların sonsuz əzəmətindən ,
Yatağına sığmayan çayların hiddətindən ,
Bu torpaqdan , bu yerdən ,
Elin bağrından qopan yanıqlı nəğmələrdən ,
Güllərin rənglərindən , çiçəklərin iyindən ,
Mil düzünün , Muğanın sonsuz genişliyindən ,
Ağsaçlı babaların ,əqlindən , kamalından
Düşmən üstünə cuman o Qıratın nalından
Qopan səsdən yarandın .
Sən xalqımın aldığı ilk nəfəsdən yarandın .
Ana dilim , səndədir xalqın əqli , hikməti ,
Ərəb oğlu Məcnunun dərdi səndə dil açmış .
Ürəklərə yol tapan Fizulinin sənəti ,
Ey dilim , qüdrətinlə dünyalara yol açmış .
Səndə mənim xalqımın qəhrəmanlıqla dolu
Tarixi varaqlanır ,
Səndə neçə min illik mənim mədəniyyətim ,
Şan - şöhrətim saxlanır .
Mənim adım - sanımsan ,
Namusum , vicdanımsan !
Bu dil - tanıtmış bizə bu dünyada hər şeyi ,
Bu dil - əcdadımızın bizə qoyub getdiyi
Ən qiymətli mirasdır , onu gözlərimiztək
Qoruyub nəsillərə biz də hədiyyə verək !
Ey öz doğma dilində danışmağı ar bilən ,
fasonlu ədəbazlar ,
Qəlbinizi oxşamır qoşmalar , telli sazlar .
Bunlar qoy mənim olsun ,
Ancaq Vətən çörəyi sizlərə qənim olsun .
علاقه مندی ها (Bookmarks)